Banu Yaylıq Kolleksiyası
Yaylıq Qarabağla əlaqəli səqqiz tarixi hadisəni nümayiş etdirən illustrasiyalar, Qarabağın rəmzlərini əks etdirən dörd ədəd səqqizbucaqlı medalyon, mərkəzdə isə məhşur Qarabağ xalçasının qarşısında əyləşən Azərbaycan xanımının portretindən ibarətdir. Yaylığın perimetri boyunca Qarabağ bölgələrinin adları və bölgəyə uyğun kilim naxışları var.
Xurşidbanu Natəvan 1832-ci il avqustun 15-də Şuşada anadan olub. Adı ata tərəfdən nənəsinin şərəfinə verilib. Aiələnin yeganə övladı və xanlığın sonuncu varisi olduğuna görə ona “Dürrü Yekta” və ya Sarayın Tək İncisi adı verilib. Xalq isə onu Xan qızı adlandıırdı. Xurşidbanu, 1897-ci il oktyabrın 1-də vəfat etmiş və Ağdamın İmarət qebirstanlığında bastırılmışdır. Azərbaycan Respublikasının Vitse-Prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə, Xurşidbanu Natəvanın heykəli Belçikanın Vaterlo şəhərində ucaldılmışdır. Heykəlin postamentində “Şərqin müasir maarifçi və şairə qadını Xurşidbanu Natəvan, Qarabağ şahzadəsi, Azərbaycan” sözləri yazılıb.
Qarabağı simvolizə edən elementləri əks etdirən 4 medalyon
- Tar, Kaman və Qaval – Azərbaycan klassik muğam triosu, Qarabağın Azərbaycanın musiqi, muğam beşiyi olduğunu bildirir.
- Qılınc və qalxan – Qarabağ uğrunda döyüşən qazilərimizi (igidlərimizi) və şəhidlərimizi simvolizə edir
- “Xarı-bülbül” gülü – Ophrys caucasica - səhləbkimilər (Orchidaceae) fəsiləsindən bitki növü, Şuşanın və bütövlükdə Qarabağın rəmzidir. “Xarı-bülbül” yer üzündə yalnız Qarabağda - Şuşada bitir.
- Qarabağ atları - Asiya və Qafqazda ən qədim at cinsi hesab edilir. Hal-hazırda Azərbaycan Respublikasında milli at cinsidir.
Gülüstan Müqaviləsi
XVIII əsrin ortalarında Nadir şah Əfşarın dövləti süqut etdikdən sonra Azərbaycan ərazisi xanlıqlara parçalandı. Onlardan biri də əsası Pənahəli xan Cavanşir tərəfindən qoyulmuş Qarabağ xanlığı idi. XIX əsrin əvvəllərində Rusiya imperiyası Cənubi Qafqazın işğalının son mərhələsinə başladı. Böyük imperiyaya təkbaşına müqavimətin çətinliyi, dinc əhalinin qətl və qarətlərdən qorunması üçün Qarabağ xanı İbrahimxəlil xan sülh yolunu seçdi. 1805- ci il mayın 14-də İbrahimxəlil xanla Rusiyanın Qafqaz qoşunlarının baş komandanı knyaz Sisianov arasında Qarabağda - Kürəkçay sahilində müqavilə imzalandı. Kürəkçay müqaviləsinə əsasən, Qarabağ xanlığı məhz müsəlman-Azərbaycan torpağı kimi Rusiyaya ilhaq olundu. Kürəkçay müqaviləsi Qarabağın Azərbaycan xalqına məxsusluğunu sübut edir. Belə ki, diplomatik və hüquqi əhəmiyyət daşıyan bu sənədin heç bir maddəsində Qarabağda erməni əhalisinin mövcudluğu barədə hər hansı bir məlumat yoxdur. Bu müqavilə sübut edir ki, Azərbaycan torpaqları ermənilər tərəfindən işğal edilib, ermənilər isə bu bölgəyə Türkiyə və İran ərazilərindən köçürülüblər. Müqavilədə Qarabağ xanlığı daxili idarəetmə hüququnu saxlayır, İbrahimxəlil xan və onun varisləri xanlığın yeganə sahibi kimi təsdiq edilirdi.
1804-1813-cü illər Rusiya – İran müharibəsində qalib gələn Rusiya imperiyası Qacar şahı ilə 1813-cü il 12 oktyabrda Gülüstan müqaviləsi imzaladı. Qarabağın Gülüstan kəndində imzalanan bu müqaviləyə əsasən, bir çox Azərbaycan xanlıqları-Dərbənd, Lənkəran, Şirvan, Quba, Bakı, Gəncə, Şəki kimi Qarabağ da Rusiya ilhaq edildi. 1822-ci ildə Qarabağ xanlığı ləğv edilərək, əyalətə çevirildi. Bununla da, Qarabağın işğalı başa çatdırıldı. Əyalət Rusiya tərəfindən yaradılan və mərkəzi Şuşa olan Müsəlman əyalətləri rəisliyinə daxil edildi. Bu fakt bir daha Qarabağın Azərbaycanın tarixi ərazisi olmasını təsdiqləməkdədir.
Natəvanın Aleksandr Düma ilə görüşü
Natəvan 1858-ci ildə məşhur fransız yazıçı Aleksandr Düma (Ata) ilə görüşüb. O dövr üçün Şərq qadınından dərin bilik, şairlik və rəssamlıq qabiliyyətləri gözləməyən Düma onunla görüşdən valeh olub. Xan qızı ilə şahmat oynayan Düma mat vəziyyəti ilə üzləşib. O, Natəvana nəfis fiqurlu şahmat dəsti və Napaleonun kiçik büstünü hədiyyə edib. Natəvan isə öz əl işlərindən bir neçəsini fransız yazıçısına bağışlayıb.
2007-ci ildə Azərbaycan Prezidenti cənab İlham Əliyev Fransada rəsmi səfərdə olarkən Fransa Prezidenti Jak Şirak öz çıxışında deyib: “Bölgədəki xalqların özünəməxsusluğu Xəzər sahillərinin çoxsaylı səyahətçiləri arasında Fransada və Avropada yaxşı tanınan Aleksandr Dümanın “Qafqaza səyahət” əsərində təsvir olunub. 1858-ci ildə Düma qonağı olduğu ev sahiblərinin fransız mədəniyyəti və fəlsəfəsinə marağına valeh olub. Düma şirin poeziya ənənələrinizin və onun böyük nümayəndələrinin, o cümlədən məşhur Nizami Gəncəvinin əsərlərinin və böyük şairiniz Natəvanın heyranedici təsirinə qapılıb. Belə deyirlər ki, Natəvan öz istedadı və gözəlliyi ilə onu məftun edib”.
A. Düma “Qafqaza səyahət” əsərində Qafqaz xalqlarının tipik obrazlarını yaratmağa çalışıb, azərbaycanlıları böyük məhəbbət və ehtiram hissi ilə təsvir edib. O, Azərbaycan xalqının igidliyi, döyüşkənliyi, qonaqpərvərliyi, yüksək mədəniyyətə malik olması barəsində geniş ürəklə yazıb. O, belə bir cəhəti xüsusi qeyd edib ki, başqa xalqların nümayəndələri ilə işbirliyi quranda sənədlər, əhdnamələr, vəkalətnamələr, və digər sənədlər imzalamaq lazımdır ki, aldanmayasan. Azərbaycanlının isə bir sözü kifayətdir, çünki o, verdiyi sözə sadiqdir. Azərbaycan xalqının musiqisinə, milli xörəklərinə, adət-ənənələrinə valeh olan Düma onun möhtəşəm tarixindən də xəbər verir. Xurşidbanu Natəvan kimi maarifçi bir qadınla görüş isə onun nəinki Qafqaz, həm də islam qadınları haqqında olan təsəvvürlərini müsbət tərəfə dəyişib. Natəvanın Bakıdan Şıxlar kəndinə daş yol çəkdirməsi haqqında məlumat da A.Dümanın “Qafqaza səyahət” kitabında öz əksini tapıb.
Qarabağ xalçaçılıq məktəbi
Qarabağ xalçaçılıq məktəbi — Azərbaycan xalçaçılıq məktəblərindən biridir. Qarabağda xalçaçılıq əhalinin gəlir mənbələrindən biri olub. Qədim tarixə, zəngin naxış tərtibatına və ahəngdar rəng quruluşuna malik olan Qarabağ xalçaları əsrlər boyu bu diyara səfər etmiş səyahətçi, tacir və tədqiqatçıların diqqətini cəlb edib.
Qarabağ xalçaları sıx, hündür və yumşaq xova malikdir. Azərbaycanın digər bölgələrində olduğu kimi Qarabağda da xalçalar xovlu və xovsuz texnika ilə toxunmaqla iki qrupa bölünür. Birinci qrupa xovsuz texnika ilə toxunan həsir, çətən, buriya, palaz, cecim, kilim, vərni, şəddə, zili, sumax və ladı adlı xalçalar daxildir. İkinci qrup xovlu xalçalardır. Bu qrupa xalı və xalçalar daxildir. Xalça sənətinin tədqiqatı ilə məşğul olan sənətşünaslar Qarabağ xalçalarını 3 qrupa bölürlər:
1.Aran qrupu; 2. Şuşa qrupu; 3. Cəbrayıl qrupu.
Qarabağ xalçaları mürəkkəb kompozisiya quruluşuna malikdir. Qarabağ xalçalarında ən çox gözə çarpan elementlər beş qrupa bölünür:
1.Butalar; 2. Kətəbələr; 3. Anagüllər; 4. Göl və kiçik xonçalar; 5. Qubbalar.
Qarabağ xalçalarının rəng palitrası çox zəngindir. Bu xalçaların rəngləri şux və parlaq olur. Bir çox Qarabağ xalçaları hazırda dünyanın məşhur muzeylərində saxlanılır. Azərbaycan xalçaçılıq sənəti 2010-cu ildə UNESCO-nun “Qeyri-maddi Mədəni İrs” siyahısına daxil edilib.
Yaylığın mərkəzi şəkilində xanımın arxa tərəfində verilən xalça Qarabağ qrupuna aid XIX əsr Bəhmənli (Füzuli) xalçasıdır.
Cıdır yarışı
Cıdır yarışı Novruz bayramı və digər el şənliklərində təşkil edilən və əsasən yeniyetmə gənclərin iştirak etdiyi qədim atçılıq yarışlarından biridir. Cıdırın keçirildiyi meydan, gün və digər şərtlər əvvəlcədən müəyyən edilir, bu yarışa xüsusi hazırlıq görülür, təlim almış atlar cıdıra hazırlanırdı.
Cıdır iştirakçılarından kim meydanı birinci qət edərsə, o yarışın qalibi sayılır və adət üzrə ona xonça təqdim olunurdu. Qalib atın boynuna qırmızı rəngli kəlağayı bağlanılırdı. Cıdırın digər iştirakçılarına da müəyyən hədiyyələr verilirdi.
Cıdır əyləncələrini zurnaçılar dəstəsi müşayət edirdi. Cıdır sözün əsil mənasında, gənclərin sınaq meydanına çevrilir, elin çevik, mərd, mahir çaparları burada müəyyən edilirdi. Qarabağda cıdır yarışması, adətən, Şuşada məşhur Cıdır düzündə keçirilirdi.
Çövkən
Çövkən (çovqan) — at ilə oynanılan idman komanda oyunu olub, müasir polo oyununun bir versiyasıdır. Oyunun mahiyyəti ondan ibarətdir ki, iştirakçılar iki dəstəyə ayrılır və iki tərəfdə qoyulan rəqib qapılarından topu keçirmək tələb olunurdu. Oyunda iştirak edən hər komandanın tərkibi 7 nəfərdən ibarət olurdu. Atların sayı 6 olmalıdır. Oyun ikihissəli olmaqla, 30 dəqiqə davam edir.
“Qarabağ atı ilə oynanılan çövkən oyunu” 2013-cü ildə UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilmişdir.
Çövkən yarışlarının Azərbaycanda çox qədimdən məşhur olduğu tarixi faktlarla təsdiqlənir. Örənqalada (Azərbaycanın indiki Beyləqan rayonu) aparılmış arxeoloji qazıntılar zamanı tapılan şirli qab üzərində çövkən oyunun təsvir edildiyi rəsm bu oyunun IX əsrdə Beyləqan şəhərində yayıldığını sübut edir.
1842-ci ildə Britaniyalı səyyah M.Braun Azərbaycanda çövkən haqqında öz fikirlərini belə izah edirdi:
“Bu, atlarla əsl hokkey oyununa bənzəyir. Çox gözəl oyun növüdür və düşünürəm ki, qərblilər üçün də faydalı olardı.”
Qarabağ xanlığı dövründə çövkən oyunlarına maraq daha da artıb, Şuşadakı Cıdır düzündə, Xankəndi və Xocalı arasındakı ərazidə, Ağdamda cıdır yarışları, müxtəlif atüstü oyunlar, o cümlədən çövkən yarışları keçirilib. Azərbaycanın Qarabağ bölgəsində formalaşmış Qarabağ atları çövkən oyunu üçün ən ideal atlar hesab edilir.
Azərbaycan Atçılıq Federasiyasının dəstəyi ilə Belçikanın Ham şəhərində Qarabağ atı abidəsi ucaldılıb.
Novruz
Novruz “yeni gün”, “yeni həyat” mənasını bildirməklə, həm də azərbaycanlıların yeni ilinin başlanğıcı sayılır. Çünki məhz Novruzda həyat yenidən canlanır, torpaq qış yuxusundan oyanır, bitkilər baş qaldırır, ağaclar çiçəklənir, günəşin istisi artır, gecə ilə gündüz bərabərləşir və beləliklə, yeni həyat başlayır. Novruz Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə - mart ayının 20-si, 21-i və ya 22-sində keçirilir. Novruz bayramına tarixi qaynaqlarda ilk dəfə şumerlərlə bağlı qeydlərdə rast gəlinir. Onun tarixi də eradan əvvəl IV minilliyə aiddir. Novruz bayramının yaranması heç bir dinlə bağlı deyil. Bu bayram bütün dinlərdən qədimdir. X-XI əsr dünya elminin məşhur nümayəndəsi Əbu Reyhan əl Biruni Novruzun yaranmasını Azərbaycanla bağlayır. Novruz Azərbaycan xalqının zəngin maddi və mənəvi dəyərlərinin mühüm bir hissəsini özündə birləşdirən böyük mədəniyyət hadisəsidir. Tarixi məlumatlara görə, Novruz bayramı bir ay davam edirdi. Bu bayram şənliklərində kütləvi gəzintilər, xalq rəqsləri, idman yarışları olurdu. Novruz bayramında müharibələr və münaqişələr dayandırılır, sülh müqavilələri bağlanırdı. İnsanlar bayram şənlikləri ilə yanaşı, eyni zamanda, xəstələrə diqqət və qayğı göstərir, bir-birinə qarşılıqlı inam və xüsusi rəğbət ifadə edərək ümumbəşəri dəyərlərə üstünlük verirdilər. 2009-cu il sentyabrın 30-da Novruz YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i “Beynəlxalq Novruz Günü” elan edilmişdir.
Azərbaycan muğam üçlüyü
Azərbaycan muğam üçlüyü — milli musiqi alətləri olan tar, kamança və qaval ifaçılarından ibarət klassik muğam triosu, ənənəvi xanəndə və sazəndə dəstəsidir. Bu dəstəyə tarzən, kamançaçı və xanəndə daxildir ki, həmin üçlük ilk dəfə XIX əsrin ikinci yarısında Qarabağda formalaşmışdır və bu günə qədər fəaliyyət göstərir. Onların Azərbaycan xalq musiqisinin inkişafında, muğam ifaçılıq məktəbinin yaradılmasında rolu misilsizdir. Muğam üçlüyünün ifa etdiyi vokal instrumental muğam dəsgahı adlanır. Mənbələrdə “muğam” sözünün ərəb dilində “məqam” sözündən (“yer”, “mövqe”) yaranması qeyd olunur. Buna məqamat (muğamat) da deyilir. 2008-ci ildə Azərbaycan muğamları UNESCO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ Siyahısına daxil edilib.
Şuşaya qayıdış
Azərbaycan Respublikasının xarici siyasət strategiyasında Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən, yəni ölkənin ərazi bütövlüyü çərçivəsində həll edilməsi üstün və dəyişməz meyil kimi qəbul edilib. Müstəqil Azərbaycan öz ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etmək iqtidarındadır və işğal altında olan ərazilər istənilən yolla azad ediləcək. Bu, Azərbaycanın beynəlxalq hüquq normaları ilə təsbit edilmiş ali siyasi hüququdur.
-
“Banu” kolleksiyası adlanan bu yaylıq iş adamı Yavər Məmmədovun şəxsi ideya və təşəbbüsü ilə ərsəyə gəlmiş, görünüşü “Trade Mark Leo Burnett” şirkəti tərəfindən həyata keçirilmiş, “Andrew’s Ties” brendi tərəfindən İtaliyada istehsal edilmişdir.