“Bakı-2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının loqosu təqdim olunub
İyulun 21-də gələn il Bakıda keçiriləcək XV Avropa Gənclər Yay Olimpiya Festivalına rəsmi gerisayım başlayıb. Bununla əlaqədar “Bakı-2019” Avropa Gənclər Olimpiya Festivalının (AGOF) Təşkilat Komitəsi tərəfindən turnirin rəsmi loqosu təqdim edilib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “Leo Burnett” brend agentliyinin dizaynerlərindən ibarət yerli heyətin tərtib etdiyi loqo dostluq, ədalətli oyun və tolerantlıq ruhunu gücləndirən müasir, dinamik və çevik brendi əks etdirir. Brendin əsas məqsədi beynəlxalq idman yarışlarına ev sahibliyi edən ölkənin, şəhərin qədim mədəniyyətini, tarixini əks etdirmək, eyni zamanda, gələn il baş tutacaq idman yarışının bundan əvvəlkilərlə müqayisədə fərqini nümayiş etdirmək və milyonlarla insanı bir araya gətirən idman tədbirində “Bax və hiss et!” şüarını nümayiş etdirməkdir.
Azərbaycanın gənclər və idman naziri, “Bakı-2019” Təşkilat Komitəsinin sədr müavini Azad Rəhimov bildirib: “Təqdim etdiyimiz bu loqo Azərbaycan mədəniyyətinin təzahürü olmaqla yanaşı, Avropa Olimpiya Hərəkatının əsl ruhunu və bütün dünyanı ilhamlandıran, milyonlarla insanı bir araya gətirməyi bacaran idman mübarizəsini əks etdirir. Böyük idman ənənəsi olan, bir çox mötəbər yarışlara yüksək səviyyədə ev sahibliyi edən Azərbaycan Avropanın gənc atletlərini Bakıda salamlamağı səbirsizliklə gözləyir”.
Loqotip hazırlanarkən müasir Bakının gözəlliyindən ilham alınıb. Loqotipdə təqdim olunan Bakı landşaftı, təbiətin elementləri, və ən əsası, ölkənin milli rəmzləri - müasirliyi, irəliləyişi və multikultural meqapolisin estetikliyini ifadə edir. Şərq və Qərbin, keçmiş və gələcəyin eklektik, və bir o qədər də cəlbedici birləşməsi nəticəsində formalaşan qədim şəhərin orijinallığını nümayiş etdirmək, tarixə və gələcəyə olan bağlılığa, dünyəvilik və mənəviyyatın ikitərəfliliyinə münasibət göstərmək fikiri loqotipinin hazırlanmasında əsas olaraq göstərlib.
Loqotipdə Heydər Əliyev mərkəzi, Alov Qüllələri, alov, külək, buta naxışı, Günəş, insanlar və çiçək əks olunub.
Bu loqotipdə biz insanların xoş təbiətini və qonaqpərvərliyini vurğulamağa, Bakının fərqini ortaya çıxarmağa və dünyanın hər yerindən insanları Bakıda toplayan və onları birləşdirən idmanı vurğulamağa çalışdıq.
Mənbə: azertag.az
Daha ətraflı məlumat üçün: eyofbaku2019.com